Qaraciyərdə törəmə, şiş və ya kütlə

Hepatologiya

Adətən qaraciyərdə hər hansı kütlə, törəmə və ya şiş digər məqsədlər üçün aparılmış radioloji müayinələr zamanı aşkar edilir. Məsələn, öd kisəsi xəstəliyi və ya xolelitiaza görə müayinə apararkən və s. qaraciyərdə kütlə müəyyən edilə bilər. Müasir görüntüləmə texnologiyaları inkişaf etdikcə, qaraciyərdə baş verən hər-hansı bir dəyişikliyi vizual görmək imkanı da artır. Əvvəllər görünməyən qaraciyər törəmələri hazırda asanlıqla müəyyən edilir.

• Qaraciyər kütləsinin (törəməsinin, şişin) işlənməsi və müayinəsi

Müayinə zamanı aşkar edilən kütlələrin böyük əksəriyyəti xoşxassəli və heç bir əlavə müayinə və müalicə tələb etməyən törəmələr olur. Bunu hər kəs bilməli, vahiməyə düşməməlidir. Lakin belə şişlərin gələcəkdə bədxassəli şişə çevrilə biləcək ehtimalı varsa, o zaman daha ciddi müayinələrin aparılmasını vacib tələblərdən biridir. Məhz buna görə də, təsadüfi qaraciyər kütləsi aşkar edildikdə, onun ardıcıl işlənməsi üçün xüsusi yanaşma olmalıdır ki, gərəksiz yerə xəstələr onlarla testdən keçməsin.

Qaraciyər törəməsinin işlənməsi detallı anamnez və fiziki müayinədən başlayır. Xəstədən qarın ağrısı, çəki itkisi, əvvəllər keçirdiyi qaraciyər xəstəliyi, sirroz, spirtli içkilərdən istifadə, viruslu hepatitə yoluxma, qan transfuziyaları, ağızla qəbul edilən kontraseptiv dərmanlardan istifadə (qadınlarda) və şəxsi və ya ailədə aşkar edilmiş xərçəng xəstəliyi barədə məlumat əldə edilməlidir.