Arterial təzyiq və qidalanma

Pəhriz

Tərkib hissəsindən asılı olmayaraq, yeməkləri kiçik porsiya ilə qəbul edin. Həftəlik rasionunuza daxil olmayan qida məhsullarından isə birdən-birə çox miqdarda qəbul etmək məsləhət görülmür. Müalicə dövründə isə nadir hallarda qəbul etdiyiniz qida məhsullarından, ümumiyyətlə istifadə etməyin.
Hər zaman təbii və təzə ərzaq məhsullarından hazırlanmış qidalardan istifadə etməyə çalışın. Sizə xoş gəlməyən qidalardan istifadə etmək məsləhət görülmür, çünki xoşluqla qəbul etmədiyiniz qidanın həzm prosesi ləngiyir. Qidanın mədədə ləngiməsi isə mədəni ağırlaşdırır, spazmalar yaradır, hətta arterial təzyiqin qalxmasına səbəb olur.
Tərkibi qida maddələri ilə zəngin olan keyfiyyətli məhsullara üstünlük verin. Heç vaxt uzun müddət ac qalmayın və sonra orqanizmi birdən-birə yükləməyin. Çünki orqanizm aclığa reaksiya olaraq, qida qəbul etdiyiniz zaman piy deposu yaradır. Artıq miqdarda qida qəbul edirsinizsə orqanizm yüklənir və qanın damarlarda hərəkəti ağırlaşır.
Tərkibində xolesterin çox olan heyvan mənşəli məhsullardan mümkün qədər az istifadə edin və yaxud əti əvvəlcə qaynadıb piydən və ərimiş yağlardan ayırın. Sonra həmin ətdən istədiyiniz yeməyi hazırlaya bilərsiniz. Sobada yağsız hazırlanmış ət məsullarına üstünlük verin. Çünki bu halda piy əriyərək ətdən ayrılır.
Tərkibində şəkərin miqdarı çox olan qida məhsullarını rasionunuzda ciddi azaldın. Müalicə dövründə şirniyyatlardan daha çox təbii bal və tərkibində şəkəri çox olan xurmaya, kişmişə və digər şirin meyvələrə üstünlük verin.