Qaraciyər çox vacib orqandı

Terapiya

Qaraciyər bədəndə olan ən böyük vəzi və cüt olmayan ən iri ölçülü orqandır. Onun orta çəkisi 1,5 kq-dır.Hesablamalara görə qaraciyər orqanizmdə 500-dən artıq müxtəlif funksiyalar icra edir.
Ona görə də qaraciyərin işində baş verən istənilən pozğunluq dərhal bütün orqanizmə mənfi təsir edir. Qaraciyərin xaric edilməsi və ya məhv olması 1-5 gün ərzində labüd şəkildə insanın ölümünə səbəb olur.
Bəs, qaraciyərin əsas vəzifələri hansılardır?
1. Qaraciyər orqanizmin biokimyəvi laboratoriyasıdır.
Həkimlər onu məhz belə adlandırırlar. Bu qaraciyərin ən əsas funksiyalarından biridir. Məhz burada, dəri, ağciyərlər və bağırsaqlar vasitəsi ilə orqanizmə daxil olan ilkin məhsullardan, orqanizmin yaşaması - fəaliyyət göstərməsi üçün vacib olan zülallar, yağlar, limfa və s. maddələr (bunlar olmasa orqanizm yaşaya bilməz) istehsal olunur. Qaraciyər, yağların həzm edilməsi üçün vacib hesab edilən öd də istehsal edir. Gün ərzində qaraciyər 1 litrə yaxın öd hasil edir. Öd, qaraciyərin altında yerləşən öd kisəsində (ödün saxlanması üçün kisə) saxlanılır və lazım olduqda həzm prosesində istifadə olunur.
2. Qaraciyər – anbardır. Orqanizm üçün gərəkli olan maddələr qaraciyərdə toplanaraq, ehtiyac yarandıqca orqanizm tərəfindən istifadə olunur. Qan zərdabında hər zaman qlükoza - başqa sözlə desək şəkər olmalıdır. Bu, beyin və əzələ hüceyrələri və eritrositlərin fəaliyyət göstərməsi üçün əsas enerji mənbəyidir. Hüceyrələr hər zaman qlyukoza ilə təmin olunmalıdırlar, əks halda onlar sadəcə olaraq yaşaya bilməzlər. Qükozanın ehtiyatı məhz qaraciyərdə saxlanılır. Qlükoza suda həll olduğu üçün onu ehtiyat şəklində toplamaq orqanizm üçün münasib deyil. Buna görə də qaraciyər, qanda artıq miqdarda olan qlyukoza molekullarını tutaraq, onları həll olunmayan polisaxarid olan qlikogenə çevirərək, qranullar (dənəciklər) şəklində qaraciyər hüceyrələrində saxlayır və tələbat yaranan kimi yenidən qlyukozaya çevirərək qana daxil edir. Qaraciyərdə həmçinin vitaminlərdən - A, D, E, K, S, B12, nikotin və fol turşuları, mineral maddələrdən – mis, sink, kobalt, molibden və s. ehtiyatları da saxlanılır. Qaraciyərdə orqanizm üçün həyati əhəmiyyət kəsb edən və qan hüceyrələri olan eritrositlərin tərkibinə daxil olan, dəmir elementi də toplanılır.
3. Qaraciyər – bədəndə olan tullantıların yenidən emal edilməsi zavodudur.
Orqanizm üçün “artıq” hesab edilən və ya öz funksiyasını sona qədər yerinə yetirən maddələr məhz qaraciyərdə parçalanırlar. Məsələn, qan hüceyrələri olan eritrositlər 120 gün yaşadıqdan sonra qocaldıqları üçün orqanizmdən xaric edilməlidirlər. Qaraciyərdə belə eritrositləri tutaraq onları parçalayan xüsusi hüceyrələr mövcuddur. “Qoca” eritrositlərdən qaraciyərdə öd hazırlanır.
“Artıq” hesab edilən hormonlar da qaraciyərdə parçalanırlar. Qlükozanın qlikogenə çevrilməsində iştirak edən insulin və qlükaqon hormonları, cinsi hormonlar olan testosteron və estrogenlər, stres hormonu olan adrenalin və s. bu kimi hormonlardandır. Qaraciyərin xroniki xəstəliyi zamanı “artıq” hormonların qanda yığılması nəticəsində orqanizmin fəaliyyəti xeyli dərəcədə pozulur. Məsələn, qaraciyədə olan xəstəliklər nəticəsində, “artıq” olan cinsi hormonların qanda toplanması nəticəsində, kişilərin və qadınların cinsi sferasında problemlər və hətta sonsuzluq da yarana bilər.
4. Qaraciyər – təbii filterdir (süzgəcdir).
O, maddələr mübadiləsi nəticəsində orqanizmin özünün daxilində əmələ gələn,həmçinin, qida, su, hava ilə orqanizmə xarici mühitdən daxil olan – zəhərləri, toksinləri, kanserogen maddələri (xərçəng xəstəliyini törədə bilən maddələr)tutaraq onları parçalayır. Bir sıra mürəkkəb biokimyəvi çevrilmələrdən sonra bu
toksinlər suda həll olunan zərərsiz maddələrə çevrilərək, sidik və ya öd vasitəsi ilə bədəndən xaric olurlar. Qaraciyərin, cəmi bir neçə saat ərzində, öz fəaliyyətini dayandırması, orqanizmin tez bir zamanda toksiki maddələrlə zəhərlənərək məhv olmasına səbəb olur.
Qaraciyərdə qanda olan bakteriyaları tutan xüsusi hüceyrələr də vardır. Bu hüceyrələr tutduqları mikroorqanizmləri udaraq onları məhv edirlər.
5. Qaraciyər – qan anbarıdır. Qaraciyərdə xeyli qan vardır, ancaq onun heç də hamısı qan dövranında iştirak etmir. Bu qanın kifayət qədər çox hissəsi (ümumi miqdarının 10%-ə qədəri) ehtiyatda saxlanılır. İnsan xeyli miqdarda qan itirdikdə, qaraciyərdə olan damarlar sıxılaraq, öz qan ehtiyatlarını ümumi qan dövranına qovaraq insanı şokdan xilas edir.
Bütün bu deyilənlərdən bizə aydın olur ki, qaraciyər orqanizmin çox vacib olan orqanıdır və onun fəaliyyətinin pozulması bir çox hallarda həqiqi fəlakətə də səbəb ola bilər. Buna görə də təbiət onun etibarlı müdafiəsinin də qayğısına qalmışdır. Qaraciyər çox yüksək dərəcədə davamlılığa və zədələndikdən sonra bərpa olunma xüsusiyyətinə malikdir. Orqanizmdə olan heç bir digər orqan, qaraciyər kimi, regenerasiya edərək öz hüceyrələrini bərpa etmək xüsusiyyətinə malik deyil! Bu orqanın ¾ hissəsini xaric etdikdən sonra, bir neçə həftə ərzində o özünü tam həcmdə və formada bərpa etmək xüsusiyyətinə malikdir! Ancaq bu heyrətamiz xüsusiyyətinə baxmayaraq, zərərli faktorların daimi olaraq ona təsir etməsi nəticəsində o, özünü bərpa etmək funksiyasının öhdəsindən gələ bilmir ki, bu halda, qaraciyərin müxtəlif xəstəlikləri (və hətda ən qorxulu olan qaraciyər sirrozu-məhv olması) inkişaf etmiş olur.