Diareya

Terapiya

Bütün fəsillərdə rast gəlisədə,yay aylarında insanlar bu problemlə daha tez-tez üzləşir.
Bunun üçün səbəblər çoxdur: isti hava, xarici ölkələrə səyahətlər, meyvə və tərəvəzlərin bol olması və s.
İshalın səbəbləri müxtəlif ola bilər:
- qida zəhərlənmələri,
- virus və bakterial infeksiyaları (rotavirus, adenovirus, qızılı stafilokokk, salmonella, bağırsaq çöpü və s.),
- allergiyalar,
- həzm pozulmaları (qastrit, pankreatit, bağırsaq iltihabları),
- hormonal pozulmalar (tireotoksikoz - qalxanvari vəzi xəstəliyi),
- bəzi dərman preparatların qəbulu (işlətmə dərmanları, bir çox antibiotiklər, qan laxtalanmasına qarşı olan preparatlar, aritmiyanın müalicəsində istifadə olunan preparatlar və s.),
- stresslər.
Əgər ishal xroniki xarakter alıbsa (3-4 həftədən artıq davam edir), mütləq həkimə müarciət edib onun səbəbini təyin etmək lazımdır. Diareya bəzi hallarda çox ciddi xəstəliklərin əlaməti ola bilər.
Adətən diareyanı evdə müalicə edirlər. Bu kimi hallarda isə diareya zamanı dərhal həkimə müraciət etmək lazımdır:
- ev şəraitində olan müalicə 3 gündən artıq davam edir və heç bir effekt vermir,
- diareya körpə uşaqda və yaşlı (zəifləmiş) insanda inkişaf etdikdə,
- diareya 38 C-dən yuxari olan hərarətlə müşahidə olunur,
- müalicə allergik reaksiyalara (səpgilər və s.) səbəb olub,
- nəcis qara rəngdədir (bu mədə və ya qida borusu qanaxmanın əlaməti ola bilər),
- diareya tünd-qəhvəyi və ya qanlı qusma ilə müşayiət olunur (bu mədə və ya qida borusu qanaxmanın əlaməti ola bilər),
- qarında güclü ağrılar var,
- insanda güclü susuzlaşma əlamətləri var (halsızlıq, başğıcəllənməsi, bayılma, çox quru və qırışmış dəri, sidik çox az ifraz olunur və ya heç ifraz olunmur).
Axırıncı 4 halda dərhal "təcili yardım" çağırmaq lazımdır.
Beləliklə, kəskin diareya zamanı diareyanın səbəbindən asılı olmayaraq ilk növbədə xəstə mütləq müəyyən pəhriz saxlamalıdır. Pəhriz ishal zamanı çox vacib müalicəvi rol oynayır.
İshal zamanı bu kimi qidalar tam əks-göstərişdir:
- qara çörək,
- təzə meyvə-tərəvəz və giləmeyvələr,
- ədviyyatlar,
- duzlu, yağlı, qızarmış, hisə verilmiş qidalar,
- un məmulatları,
- süd və yağlı süd məhsulları (yağsız duzsuz şor və yağsız yoqurt),
- paxlalılar (lobya, noxud),
- göbələk,
- bütün şirniyyatlar,
- qazlı içkilər,
- qəhvə,
- soyuq içkilər və qidalar.
İshalın 1-2-ci günləri banan, bişmiş düyü (düyü həlimi), alma püresi (şəkər əlavə olunmur), suxarı yemək olar. Əgər iştaha yoxdursa, zorla yeməyin. Bu bağırsaqlara dincəlməyə imkan verir və diareya daha tez keçir. Lakin maye mütləq qəbul olunmalıdır.
Diareya zamanı mayenin bərpası üçün xüsusi məhlullar (riqedron, qastrolitin) istifadə olunmalıdır. Bu orqanizmi susuzlaşmadan xilas edir. Susuzlaşma çox təhlükəlidir və hətta ölümə (xüsusilə kiçik uşaqlarda və yaşlı insanlarda) səbəb ola bilər. Digər mayelərin arasında çay, qaragilə və nar qabıqları dəmləmələri, adı su qəbul oluna bilər.