Bağırsaq disbakteriozu

Terapiya

İnsanın bağırsağında xeyli sayda həm “yaxşı”, həm də “pis” mikroorqanizmlər yaşayırlar.
“Yaxşı” mikroorqanizmlər (əsasən: lakto- və bifidibakteriyalar, bağırsaq çöpləri) orqanizmin normal fəaliyyəti üçün çox vacibdir.
Onlar orqanizm üçün vacib hesab edilən qida maddələrinin həzm edilməsi və mənimsənilməsi prosesində, immun sisteminin qurulmasında, toksinlərin, kanserogen (xərçəng əmələ gətirən) maddələrin, ağır metal duzlarının orqanizmdən xaric edilməsində, mədə-bağırsaq sisteminin selikli qişasının zərərli mikrobların hücumundan “qorunmasında” iştirak edirlər. “Pis” mikroorqanizmlər isə bunun əksinə olaraq, orqanizmə zərər vura bilərlər. Ancaq “yaxşı” mikroorqanizmlərin sayı xeyli üstün olduqda, onlar “pis” mikroorqanizmlərin sayının artmasının qarşısını alaraq öz vəzifələrini müvəffəqiyyətlə yerinə yetirirlər. Bu tarazlıq “pis” mikroorqanizmlərin xeyrinə dəyişdiyi halda isə insan orqanizmi xeyli dərəcədə əziyyət çəkməyə başlayır.
Beləliklə, bağırsaq disbakteriozu – bağırsaqda “yaxşı” mikroorqanizmlərin sayının kəskin şəkildə azalması və “pis” mikroorqanizmlərin sayının isə xeyli dərəcədə artması zamanı yaranan haldır.
Disbakterioz zamanı bağırsaqda qida maddələrinin kifayət dərəcədə parçalanması və mənimsənilməsi normal şəkildə gedə bilmir. Bu zaman kifayət qədər həzm olunmayan qida kütlələri bağırsaqda çürüməyə başlayır ki, bunun da nəticəsində xeyli miqdarda toksinlər və zəhərli maddələr əmələ gəlir. Bağırsaq divarından qana sorulan bu toksinlər və zəhərlər qan dövranı ilə bütün orqanizmə yayılır. Tədricən orqanizmin xroniki intoksikasiyası (zəhərlənmə) baş verir, maddələr mübadiləsi pozulur, bir çox orqan və sistemlərin iltihabi xəstəlikləri inkişaf edir.
Bağırsaqda olan xeyirli mikroflora immunoqlobulinlərin və interferonun istehsal olunmasında iştirak edir. Buna görə də xeyirli mikrofloranın sayının xeyli azalması zamanı immunitetin də zəifləməsi baş verir. Bu zaman insan daha tez-tez və uzun müddət ərzində soyuqdəymə və digər infeksion xəstəliklərə düçar olur ki, onlar da müxtəlif fəsadlara səbəb olurlar.
Disbakteriozlar zamanı orqanizm üçün vacib hesab edilən qida maddələrinin həzm edilməsi və sorulması prosesi pozulur. Bunun da nəticəsində anemiya, hipovitaminozlar (vitaminlərin çatışmazlığı), vacib mikroelementlərin kifayət qədər mənimsənilməməsi baş verir (məsələn, kalsium çatışmazlığı nəticəsində osteoparoz – sümüklərin kövrəkliyi baş verir).
Disbakteriozun əlamətləri
- immunitetin zəifləməsi;
- kəskin bağırsaq infeksiyalarının (KBİ) baş verməsi;
- kəskin respirator xəstəlikləri (KRX) və kəskin respirator virus xəstəliklərinin (KRVX) artması (tezləşməsi);
- ishal və ya qəbizlik formasında olan nəcis ifrazı pozğunluqları;
- metiorizm – bağırsaqlarda qazların artıq miqdarda yaranması;
- qarında dartıcı və sıxıcı xarakterdə ağrıların olması;
- yoğun bağırsağa barmaqlarla təzyiq edərkən xeyli səsli qurultu və şırıltının eşidilməsi;
- tez hirslənmə, məyusluq, əhvalın tez-tez dəyişməsi, depressiya, başgicəllənmə, yuxunun pozulması, tez yorulmaq, səbəbsiz olan ağlağanlıq, əhvalın kədərli olması;
- ağızdan pis qoxunun gəlməsi;
- bədəndən pis qoxunun gəlməsi;
- dəri elastikliyini itirir, sallanır və dəridə xeyli dərəcədə qırışlar əmələ gəlir;
- saçların deformasiyası və tökülməsi;
- selikli qişalarda və dəridə çatların əmələ gəlməsi;
- dəridə səpgilər, sızanaqlar və civzələrin, ekzemanın əmələ gəlməsi, qaşınmanın olması ilə müşayiət olunan -- xroniki qida allergiyası vəziyyəti;
- bəzi hallarda temperaturun bir qədər yüksəlməsi qeyd edilir.
Bu əlamətləri özündə hiss edən kimi, dərhal həkimə müraciət edin.