Mədə xərçənginin müalicəsi

Terapiya

Müalicə mədə xərçənginin hansı mərhələdə olmasından, şişin həcmindən, əhatə etdiyi sahədən, digər orqanlara nüfuz etməsindən, həmçinin xərçəng hüceyrələrin limfa düyünlərinə yayılmasından və nəhayət geniş metastaz verməsindən asılıdır. Mədə xərçəngi zamanı hazırda üç əsas müalicə metodu tətbiq edilir:

• Cərrahi yolla şişin götürülməsi

• Kimyaterapiya

• Şüa terapiyası

Çox hallarda kombinasiya edilmiş müalicə üsulları tətbiq edilir. Müalicə üsulunu həkim onkoloq təyin edir və taktiki cəhətdən münasib müalicə planı tərtib edir. Plan üzrə hərəkət edərək addım-addım prosesin necə getdiyini izləyir. Çünki mədə xərçənginin müalicəsi zamanı plandan kənar situasiyalar var ki, yarana bilir. O zaman müalicə prinsipini pozmamaq şərti ilə əlavə müdaxilələr etmək lazım gəlir. Göründüyü kimi xərçəng xəstəsini müalicə etmək olduqca çətindir. Həkim xəstəni tam nəzarətdə saxlamaq üçün böyük əmək sərf etməklə yanaşı psixoloji gərginlik yaşayır. Əlbəttə ki, sonuncu ştrix əsil həkim ürəyi olan insanlara aiddir.

Müalicənin vacib şərtlərindən biri də xəstənin xəstəliyinə görə sarsıntı keçirtməsinin qarşısını almaqdır. Əgər xəstə sarsıntı yaşayır və stress keçirdirsə onun beyni orqanizm üçün çox vacib maddələrin sürətlə sərfinə səbəb olur. Nəticədə sürətlə zəifləyən xəstənin immun sistemi zəifləyir və orqanizmdə gedən maddələr mübadiləsi ləngiyir və yaxud tamamilə pozulur. Belə vəziyyətdə müalicəni adekvat aparmaq dəfələrlə çətinləşir. Məhz belə vəziyyətə düşən xəstənin orqanizmini sonradan aktivləşdirmək çətin olur və xəstə tükənir.