Xoş gəlmisiniz. Mən hepatoloq Dr. Könül Mahmudova olaraq qaraciyər sağlamlığı, eləcə də müayinə və müalicə üsulları ilə bağlı sizləri maraqlandıran sualları cavablandırıram.
Hepatit C müalicə olunurmu?
Əlbəttə, hepatit C virusunun müalicəsi var və uğurla həyata keçirilir. Hepatit C müasir dərmanlarla üç-altı ay ərzində müalicə olunaraq bədən tərkibindən təmizlənir. Qaraciyərdə heç bir problem yoxdursa, müalicə 3 ay müddətində, bəzi hallarda isə 3 aydan 6 aya qədər davam edir.
Hepatit B tam sağalırmı?
İndiki zamanda ildən-ilə təkmilləşən, yan təsirləri az olan antiviral preparatlarımız mövcuddur və bu da o deməkdir ki, hepatit B sağala bilər. Lakin pasiyentlərimizdə bədənin virusa qarşı müqavimətinin olmaması səbəbindən deyə bilmirik ki, virusun tam müalicəsi var. Müalicə ilə biz stress faktorunu dayandırmış oluruq.
Hepatit B necə yoluxur?
Ədəbiyyatda ağız suyu, cinsi hər hansı bir ifrazat, selik və qan vasitəsilə yoluxma yolları yazılsa da, praktikada ən çox qan vasitəsilə yoluxma baş verir. Bu yoluxma əsasən steril olunmayan şəraitdə stomatoloji və ginekoloji kabinetlərdə, narkomaniya vasitəsilə, tatu vasitəsilə və demək olar ki, qanla təmasda olan bütün vasitələrlə qeydə alınır.
Analizlərim (ALT və AST) normaldırsa, narahat olmağa dəyməzmi?
ALT və AST analizlərinin normal olması sizi aldatmasın. Virusun miqdarı az olsa belə, qaraciyərdə müəyyən proseslər gedə bilər. Problemi dəqiq öyrənmək üçün mütləq mütəxəssislə məsləhət etməlisiniz.
Qaraciyər sirrozunun ilkin əlamətləri hansılardır?
Qaraciyər lal orqan olduğu üçün sirrozun ilkin əlamətləri çox vaxt hiss olunmur və xəstələr bizə adətən xəstəliyin son mərhələsində müraciət edirlər. Sirroz vaxtında təyin olunub diaqnoz qoyulmadıqda, qida borusu venalarının qanaxması, ensefalopatiya, yuxululuğa meyllilik və ümumi orientasiyanın itməsi kimi ciddi fəsadlar yarana bilər.
Qaraciyər piylənməsi nə üçün təhlükəlidir?
Hər piylənən qaraciyər xərçəngə gətirib çıxarmasa da, müəyyən şərtlərdə bu risk mövcuddur. Qaraciyər piylənməsinin bədxassəli şişə gətirib çıxarmasında genetik amillərin böyük rolu var. Əgər insanda qaraciyər xəstəliklərinə genetik meyllilik varsa, əvvəlcə fibroz yaranır, daha sonra sirroza keçir və son mərhələdə hepatosellülyar karsinoma inkişaf edə bilər.
Ağrıkəsici dərmanlar qaraciyərə zərər verirmi?
İnsanlar çox vaxt istifadə qaydalarına, dərmanın nə vaxt istifadə edilib-edilməyəcəyinə fikir vermədən, yalnız ağrının kəsilməsi üçün ağrıkəsicilərə üz tuturlar. Bu cür lazımsız preparatların qəbulu müalicəyə kömək etmir, əksinə, orqanizmə zərər verə bilər. Bəzi antidepressantlar da qaraciyərdə bu cür problemlərin yaranmasına yol açır.
Qida əlavələri və bitki mənşəli vasitələr qaraciyər üçün faydalıdırmı?
Həkim nəzarəti olmadan qida əlavələrindən və bitki tərkibli vasitələrdən istifadə etmək olmaz. Bu cür preparatlar qaraciyərin üstündəki fosfolipid təbəqəsini bloklayaraq qanda bilirubinin daha da artmasına və toksiki təsirə səbəb ola bilər. Pasiyentlərimizin müraciətləri zamanı qarşılaşdığımız əlavə dərman tətbiqi və lazımsız dərmanların qəbulu halları müalicəyə kömək etmir, əksinə, orqanizmə zərər verə bilər.
Elastometriya müayinəsi ağrılıdırmı?
Elastometriya müayinəsi dəri tamlığı pozulmadan, ağrısız və zədəsiz icra olunur. Müayinə zamanı heç bir ağrı və narahatlıq hiss edilmir. Bu metod sayəsində biz biopsiyaya ehtiyac olmadan nəticə əldə edirik.
Elastometriya müayinəsinə hazırlıq lazımdırmı və nə qədər çəkir?
Müayinənin aparılması üçün xüsusi hazırlıq tələb olunmur, lakin ac qarnına gəlmək məsləhət görülür. Müayinə müddəti qısadır və 5-15 dəqiqə çəkir. Pasiyent ultrasəs müayinəsində olduğu kimi uzanır və cəmi 5 saniyə nəfəsi saxlamaq kifayətdir.
Qəbula necə yazılmaq olar?
Saytda onlayn qeydiyyat forması yoxdur, qəbula telefonla yazılırlar. Qəbul ünvanı Abbas Mirzə Şərifzadə küçəsi 55, Bakı şəhəri, Medikus Clinic-dir. Əlaqə üçün +994 50-344-97-97 nömrəsinə zəng edə bilərsiniz.