Tibbdə uğurlu müalicənin təməli düzgün diaqnozdur. Diaqnoz dəqiq qoyulandan sonra xəstənin müalicəsi iki vur iki kimidir. Bizim əsas məqsədimiz şikayətlərin altındakı real səbəbi tapmaq və müalicəni düzgün istiqamətləndirməkdir.
Düzgün diaqnoz müalicənin əsasıdır
Mənə müraciət edən pasiyentimiz uzun illər müxtəlif mütəxəssislərin qəbulunda olsa da, şikayətlərinin dəqiq səbəbi tapılmamışdı. Hətta adi həzm dərmanları belə onda kəskin reaksiyalar, bədəndə şişkinlik, spazmalar və əl-ayaqda kütlük yaradırdı. Pasiyent problemin qaraciyərində olduğunu düşünsə də, müayinələrdən sonra qaraciyərində problem olmadığını müəyyən etdik və mədəni yoxladıq. Nəticədə, əvvəllər yoxlanılmayan helikobakteri aşkar olundu.
Müsbət dinamika və müalicənin davamı
Xəstədə mədə-bağırsaq şikayətləri ilə yanaşı, yuxuya mane olan şiddətli öskürək, metabolik sindrom və dərman qəbulu zamanı dəridə yaranan qızartı və şişkinliklər var idi. Təyin etdiyimiz müalicənin 20 günü tamam olmamış artıq müsbət dinamika müşahidə olunur: öskürək azalıb, bədəndəki şişkinlik yatıb və dəridəki ləkələr solmağa başlayıb. Hazırda müalicəmiz davam edir və əldə etdiyimiz bu nəticələri möhkəmləndirməliyik.