Qaraciyər 'lal orqan' olduğu üçün sirrozun ilkin əlamətləri çox vaxt hiss olunmur və xəstəlik uzun müddət gizli şəkildə inkişaf edir. Təəssüf ki, pasiyentlər bizə çox vaxt xəstəliyin ən son mərhələsində müraciət edirlər. Halbuki, qaraciyər sirrozu diaqnozunun fibroza qədər olan mərhələdə qoyulması və müalicəyə erkən başlanılması daha effektiv nəticələr əldə etməyə imkan verir.
Sirrozun ilkin əlamətləri və vaxtında diaqnoz
Qaraciyərin sirroza qədər olan mərhələsi böyük bir yol keçir. Pasiyentlər bəzən uzun müddət hepatit B, hepatit C və ya şəkərli diabetdən əziyyət çəkdiklərini bilsələr də, həkimə gec müraciət edirlər. Sirroz vaxtında təyin olunub diaqnoz qoyulmadıqda, ciddi fəsadlar yarana bilər:
- Qida borusu venalarının qanaxması: Heç bir şikayəti olmayan pasiyentin ağız boşluğundan qəfildən böyük miqdarda qan gəlməsi ilə özünü göstərir.
- Ensefalopatiya: Qaraciyər xəstəlikləri fonunda yaranan bu fəsad zamanı pasiyentləri çox vaxt səhvən nevropatoloq müalicəsinə aparırlar. Lakin bu zaman ilk növbədə ensefalopatiyanın səbəbi aydınlaşdırılmalıdır.
Ensefalopatiyanın əsas əlamətləri
Qaraciyər sirrozunun ağır fəsadlarından olan ensefalopatiya özünü aşağıdakı əlamətlərlə büruzə verir:
- Yuxululuğa meyllilik (gecə yuxusuzluğu və gündüz yuxululuğu, yaxud həm gecə, həm gündüz yuxulu olmaq);
- Savadlı və ziyalı bir insanın özünə xas olmayan cümlələr işlətməsi;
- Öz övladına baxıb tanımamaq;
- Ümumi orientasiyanın itməsi (məsələn, ayın neçəsi olduğunu təyin edə bilməmək və ya suyu açdığı halda suyun gəlmədiyini qeyd etmək).
Pasiyentlərin bu ağır mərhələləri yaşamadan, vaxtında həkimə müraciət etməsi və düzgün diaqnozun qoyulması olduqca vacibdir.