ARB kanalında yayımlanan "Yaşamaq Gözəldir" verilişində 30 ildir Seroz diaqnozu qoyulan xəstənin aqibəti və apardığımız müayinələrin nəticələri barədə danışdıq. Pasiyentimiz Zahid Seyidməmmədovun qaraciyərinin sapsağlam olduğu və illərdir gərəksiz müalicələr aldığı məlum oldu.
30 ildir Seroz diaqnozu ilə yaşayan pasiyentin hekayəsi
Pasiyentimiz Zahid Seyidməmmədov 1984-cü ildə üzündə yaranan sarılıq səbəbindən xəstəxanaya yerləşdirilib. Müalicədən sonra da gözündə sarılıq qalan pasiyentə müraciət etdiyi müxtəlif həkimlər tərəfindən qaraciyərinin xəstə olduğu bildirilib və ona qaraciyər sirrozu diaqnozu qoyulub. Pasiyent bu illər ərzində halsızlıq, ürəkbulanma və yemək yeyərkən qusma istəyi kimi şikayətlərdən əziyyət çəkib, çox sayda preparat qəbul edib.
Müasir müayinə və real nəticələr
Pasiyent qəbulumuza gəldikdə, onun şikayətlərini və analizlərini araşdırdıq. Gözün ağlı qişasındakı sarılıq mütləq qaraciyər xəstəliyinin göstəricisi deyil; bu əlamət qan problemlərində və ya autoimmun xəstəliklərdə də yarana bilər. Zahid müəllimi elastoqrafiya müayinəsindən keçirdik və aşağıdakı nəticələri əldə etdik:
- Qaraciyərin ölçüləri normaldır.
- Elastoqrafiya nəticəsi 6.2 kilopaskal olmaqla qaraciyərdə heç bir sirrotik əlamətin olmadığını göstərdi.
- Qaraciyərin sintetik funksiyasını göstərən analizlər normaldır.
- Pasiyentin dalağının böyüdüyü müəyyən olundu.
Həqiqi diaqnoz: Alfa talassemiya
Qaraciyərdə sirroz olmadığı halda gözün ağlı qişasındakı sarılığın səbəbini müəyyən etmək üçün hematoloq Sevinc Əlfəttahzadə ilə birlikdə konsultasiya apardıq. Pasiyentə alfa talassemiya diaqnozu qoyuldu. Bu, anadangəlmə, genetik bir problemdir və Şəki kimi endemik zonalarda rast gəlinir.
Bu xəstəliklə insan ömür boyu yaşaya bilər və onun qaraciyər müalicəsinə, qalaq-qalaq reseptlərə ehtiyacı yoxdur. Pasiyentin qanı bir qədər aşağı düşə bilər, həmçinin yorğunluq və yuxusuzluq zamanı gözündəki sarılıq bir qədər arta bilər. Zahid müəllimin qaraciyəri sapsağlamdır və o, artıq gərəksiz dərmanlardan azad olaraq öz normal həyatını yaşaya bilər.