"Yaşamaq Gözəldir" verilişində qaraciyər sağlamlığı, hepatitlər və onların müalicə yolları barədə ətraflı danışdıq. İnsanlar arasında "Hepatit B sağalan xəstəlikdir" fikri tez-tez müzakirə olunsa da, bu virusun xüsusiyyətlərini və müalicəsinin reallıqlarını düzgün anlamaq lazımdır.
Hepatit B sağalan xəstəlikdirmi?
Hepatit B virusu ilə bağlı ən çox verilən suallardan biri onun tam sağalıb-sağalmamasıdır. Hazırda elə bir dərmanımız yoxdur ki, biz hepatit B-ni tamamilə, tam müalicə edək. Hepatit B daşıyıcısı olan pasiyentlərimiz isə müalicə olunmurlar, onların müalicəyə ehtiyacı olmur.
Müalicə zamanı qanda pozitiv və ya neqativ nəticə almaq çox asandır. Əgər bir ay müddətində pasiyentə hepatit B əleyhinə virus dərmanı verilərsə, bir aydan sonra analiz onsuz da neqativ göstərəcək. Lakin qanda HBs antigeni həmişə pozitivdirsə, bu, virusun ömrü boyu bədəndə olduğunu göstərir. Polimeraz zəncirvari reaksiya (PZR) analizində virusun neqativ çıxması sizi rahatlatmamalıdır.
Həkim nəzarəti olmadan uzunmüddətli dərman qəbulu ağır fəsadlara yol aça bilər. Təcrübəmdə yeddi il müddətində interferon tərkibli və virus əleyhinə dərmanlar qəbul edən bir pasiyent olmuşdu. O, hepatit B və D viruslarından azad olsa da, qaraciyər toxuması saroza (F4 mərhələsinə) qədər ağırlaşmışdı. Bu səbəbdən əsas məqsəd qaraciyəri qoruyaraq müalicə aparmaqdır.
Hepatit B-dən qorunma və yoluxma yolları
Hepatit B-yə qarşı vaksinasiya mövcuddur. Vaksin insanı 50, 60, 70 faiz hallarda qoruya bilsə də, hamımız risk qrupunda olan insanlarıq. Hepatit C-yə qarşı isə heç bir vaksin yoxdur.
Hepatit B və C virusları hava ilə, əşya ilə, salamlaşmaqla, görüşməklə və ya eyni stəkandan su içməklə yoluxmur. Bu xəstəliklər təmasla keçmir, yalnız qan vasitəsilə yoluxur. Yoluxma riskini artıran amillərə stomatoloji prosedurlar, bərbərdə istifadə olunan ülgüclər və tatuirovkalar aid edilə bilər. Yoluxmadan sonra virusun bədənə keçdiyini yalnız üç aydan sonra qan analizni verməklə aydınlaşdırmaq olar, çünki xəstəlik əksər hallarda heç bir simptom büruzə vermir.
Qaraciyərin vəziyyətinin təyin edilməsi
Qaraciyər mürəkkəb və ağrısız bir orqandır. O, özünü heç bir əlamətlə büruzə vermədən saroza qədər gətirib çıxara bilər. Qaraciyərin vəziyyətini dəqiq qiymətləndirmək üçün müasir hepatologiyada elastoqrafiya cihazından istifadə olunur. Bu cihaz fibrozun aşkarlanmasında və dəqiqləşdirilməsində biopsiyanı əvəz edir. Elastoqrafiya vasitəsilə fibrozun dərəcəsini və qaraciyərdə piylənmənin dəqiq dərəcəsini 90 faizdən artıq dəqiqliklə təyin edə bilirik. Onkoloji törəmələrin differensiasiyasında bu cihazın dəqiqliyi 50 faiz olduğu üçün mən bir həkim olaraq praktikamda ondan bu məqsədlə istifadə etmirəm.
Elastoqrafiya müayinəsi tamamilə ağrısız və qansız bir üsuldur. Müayinə zamanı pasiyent bel üstündə uzanır, sağ qolunu başının altına qaldırır ki, qabırğaarası sahələr açılsın. Datçiklə qabırğarasından yüngül basqı edilərək şüalar göndərilir və qaraciyərin daxilində 4, 4.5, 5 santimetr dərinliyə nüfuz edilir. Müayinə zamanı pasiyentdən tənəffüsü dayandırmaq xahiş olunur ki, qaraciyər hərəkətsiz qalsın və dəqiq ölçüm aparılsın.
Bu müayinə aşağıdakı hallarda çox önəmlidir:
- Qanında hepatit B, C, D virusları aşkarlanan şəxslərdə;
- Şəkərli diabeti olan xəstələrdə;
- Öd kisəsi çıxarılmış pasiyentlərdə;
- Sarılıq müşahidə olunan hallarda;
- Autoimmun hepatitlərdə və birincili sklerozlaşan xolangitlərdə;
- Uşaqlarda və gənclərdə rast gəlinən Budd-Kiari sindromu, Vilson-Konovalov kimi genetik xəstəliklərdə.
Qidalanma və pəhrizin əhəmiyyəti
Qaraciyər xəstəliklərinin müalicəsində və qaraciyərin qorunmasında düzgün qidalanma çox mühüm rol oynayır. Pasiyentlər bəzən müvəqqəti yaxşılaşma hiss etdikdə pəhrizi pozurlar, bu isə vəziyyətin yenidən ağırlaşmasına səbəb olur. Qaraciyəri qorumaq üçün aşağıdakı qaydalara əməl edilməlidir:
- Fastfud qidalardan uzaq durmaq;
- Qızartma, duzlu, istiotlu yeməkləri rasiondan çıxarmaq;
- Sarımsaq və soğandan uzaq durmaq (sarımsaq sağlam insanlar üçün faydalı olsa da, qaraciyərində problem olan pasiyentlərə olmaz).
Həkim nəzarəti olmadan qida əlavələrindən və bitki tərkibli vasitələrdən istifadə etmək olmaz. Bu cür preparatlar qaraciyərin üstündəki fosfolipid təbəqəsini bloklayaraq qanda bilirubinin daha da artmasına və toksiki təsirə səbəb ola bilər.