Hepatitlər

Hepatolog.az » Qaraciyər sağlamlığı barədə » Hepatitlər » Hepatit B virusu (HBV) - əlamətləri, fəsadları və müalicəsi
Hepatitlər 04-01-2021 4 dəq oxunuş

Hepatit B virusu (HBV) - əlamətləri, fəsadları və müalicəsi

Hepatit B virusu (HBV) - əlamətləri, fəsadları və müalicəsi

Hepatit B virusu xroniki formada keçdiyi və qaraciyərdə ciddi fəsadlar yarada bildiyi üçün dünyanın hər yerində aktuallığını qoruyan məkrli xəstəlikdir. Bu virusun həm kəskin, həm də xroniki formaları mövcuddur və altı aydan artıq bədəndə qaldıqda xəstəlik xroniki mərhələyə keçir.

Hepatit B necə yoluxur?

Ədəbiyyatda ağız suyu, cinsi ifrazat, selik və qan kimi müxtəlif yoluxma yolları qeyd edilsə də, praktikada yoluxma ən çox qan vasitəsilə baş verir. Bu yoluxma halları əsasən aşağıdakı vasitələrlə qeydə alınır:

  • Steril olmayan şəraitdə stomatoloji və ginekoloji kabinetlərdə
  • Gənclər arasında çox yayılmış narkomaniya və tatu vasitəsilə
  • Demək olar ki, qanla təmasda olan bütün digər vasitələrlə
Steril bağlamada şprits, vaksin flakonu və əlcəklər tibbi podnosda

Xəstəliyin fəsadları nələrdir?

Vaxtında diaqnoz qoyulmadıqda və check-up müayinələrdən keçilmədikdə, pasiyentlərdə hepatosellülar karsinomaya qədər fəsadlar yarana bilər. Hepatit B virusu xroniki formada getdiyi üçün xəstələr çox vaxt həkimə ən sonda müraciət edirlər və bu virusun çox qəribə bir xüsusiyyəti var: o, qaraciyər toxumasında sirroz əmələ gətirmədən öncə də bədxassəli şişin kökünü qoymuş olur.

Hepatit B müalicə olunurmu?

İndiki zamanda ildən-ilə təkmilləşən, yan təsirləri az olan antiviral preparatlarımız mövcuddur, lakin pasiyentlərimizdə bədənin virusa qarşı müqavimətinin olmaması səbəbindən virusun tam müalicəsinin olduğunu deyə bilmirik; müalicə ilə biz stress faktorunu dayandırmış oluruq. Pasiyentlərimiz arasında hepatit B daşıyıcısı diaqnozu qoyulmuş şəxslərə antiviral preparatlarla müalicə tövsiyə etmirəm, çünki mütəxəssis tövsiyəsi olmadan antiviral preparatların istifadə edilməsi pasiyentə ziyandır.

Hepatit B-dən necə qorunmaq olar?

Hepatit B-dən qorunmağın yolu vaksindir, böyüklər də qanda antitel yoxlanıldıqdan sonra vaksin vurdura bilərlər. Bizim bir məqsədimiz var, o da profilaktikadır və hepatit B əleyhinə peyvənd etməklə biz yoluxmanın qarşısını alırıq. Virus air ilə, əşya ilə, salamlaşmaqla, görüşməklə və ya eyni stəkandan su içməklə yoluxmur, yalnız qan vasitəsilə keçir.

Müalicə qərarı necə verilir?

Hepatit B virusu aşkarlandıqda dərman yazmağa tələsmirik, çünki xəstə öncə bəzi prosedurlardan keçməli və müalicəyə ehtiyac olub-olmadığını müəyyən etmək üçün müayinələr aparılmalıdır. Müayinə prosesində aşağıdakı addımlar izlənilir:

  • Xəstənin şikayətləri dinlənilir və qan analizləri müayinə olunur
  • Virus yükü yoxlanılır
  • Virus yükü yüksək çıxarsa, qaraciyər elastoqrafik olaraq qiymətləndirilir

Qaraciyərin vəziyyəti necə təyin edilir?

Qaraciyərin vəziyyətini dəqiq qiymətləndirmək üçün müasir hepatologiyada elastoqrafiya cihazından istifadə olunur ki, bu cihaz fibrozun aşkarlanmasında və dəqiqləşdirilməsində biopsiyanı əvəz edir. Elastoqrafiya müayinəsi tamamilə ağrısız və qansız bir üsuldur, pasiyent bel üstündə uzanır, sağ qolunu başının altına qaldırır və qabırğarasından yüngül basqı edilərək şüalar göndərilir.

Dr. Könül Mahmudova Abbas Mirzə Şərifzadə küçəsi 55, Bakı şəh. AZ1138 (Medikus Clinic)