Hepatit B virusu nəinki Azərbaycanda, bütün dünyada öz aktuallığı ilə ortaya çıxan və qaraciyərdə daha çox fəsad yarada bilən bir virusdur. Bu xəstəlik xroniki formada keçdiyi üçün pasiyentlər çox vaxt ən sonda həkimə müraciət edirlər, buna görə də hepatit B olduqca məkrli bir xəstəlikdir.
Hepatit B necə yoluxur?
Ədəbiyyatda ağız suyu, cinsi ifrazat, selik və qan kimi müxtəlif yoluxma yolları qeyd edilsə də, biz praktikada yoluxmanı ən çox qan vasitəsilə görürük. Bu yoluxma halları əsasən aşağıdakı vasitələrlə baş verir:
- Steril olmayan stomatoloji və ginekoloji kabinetlərdə;
- Gənclər arasında çox yayılmış tatu prosedurları və narkomaniya zamanı;
- Qanla təmasda olan demək olar ki, bütün digər vasitələrlə.
Müalicə olunmadıqda hansı fəsadlar yaranır?
Hepatit B virusu xroniki formada getdiyi üçün xəstələr çox təəssüf ki, ən sonda həkimə müraciət edirlər. Vaxtında diaqnoz qoyulmadıqda və check-up müayinələrdən keçilmədikdə, pasiyentlər müraciət edərkən artıq hepatosellulyar karsinomaya qədər fəsadlar görə bilirik.
Bu virusun çox qəribə bir xüsusiyyəti var: o, qaraciyər toxumasında sirroz əmələ gətirmədən öncə də bədxassəli şişin kökünü qoymuş olur. Müalicə olunmadıqda qaraciyərdə fəsadlar daha da çoxala bilər. Buna görə də pasiyentlərimizdən rica edirik ki, ara-bir check-up vasitəsilə orqanizmdə gedən problemləri ortaya qoysunlar.