Televiziya verilişində təqdim etdiyimiz bir xəstənin tarixçəsi 33 yaşlı Hacıbaba Bahar xanımın ağır vəziyyətdən normal həyata qayıtmasından bəhs edir. Beş il ərzində İranda da müalicə alan, lakin vəziyyəti getdikcə ağırlaşan Bahar xanım bizə 2014-cü ildə müraciət etmişdi.
Ağır vəziyyətdə ilk müraciət
İlk dəfə Bahar xanımın anası ilə görüşəndə o, qızının son günlərini yaşadığını bildirərək ağlayırdı. Xəstə çox ağır vəziyyətdə idi: yemək yemir, iştahı yox idi, yataqdan çıxmırdı və hətta kiçik bir iş görmək üçün yalnız ailə üzvlərinin köməyinə ehtiyac duyurdu. Qohumları artıq onunla vidalaşmağa gəlirdilər. Mən ona bildirdim ki, şəfanı verən Allahdır, biz isə əlimizdən gələni edəcəyik.
Hepatit B və D infeksiyası
İlk müayinədə xəstədə qaraciyər sirrozu əlamətləri aşkar olundu. Bahar xanım əvvəllər bir çox klinikalara müraciət etsə də, ona yalnız hepatit B daşıyıcısı diaqnozu qoyulmuşdu və heç kim hepatit D-ni aşkarlamağı düşünməmişdi. Qaraciyərdəki sirrotik əlamətləri görərək hepatit D-dən şübhələndik və analizlər nəticəsində qanda həm hepatit B, həm də D virusu aşkarladıq. Xəstənin diaqnozu xroniki hepatit B plus D virusu (miks infeksiya), qaraciyər sirrozu və eroziv qastropatiya idi.
Bir xəstənin çətin müalicə tarixçəsi
Müalicənin ilk mərhələsində qaraciyər və mədə-bağırsaq müalicəsi apardıq. Əsas məqsədimiz qidalanmanı düzgün təşkil etmək idi, çünki düzgün qidalanma immun sistemində müsbət dəyişikliklərə yol açır. Müalicə prosesi çox keçməkeşli oldu; xəstə bizə müraciət edəndə hemoqlobini 6 idi və ona dəfələrlə qan köçürüldü. İl yarım davam edən ağır terapiyadan sonra xəstəmiz özünə gəlməyə başladı. Bu müddətdə ailənin də rolu böyük oldu, çünki sirroz xəstələrində qida rejimi çox önəmlidir.
Xəstənin hazırkı vəziyyəti
Hal-hazırda Bahar xanımın vəziyyəti stabildir, özünü çox gözəl hiss edir, sərbəst gəzir və özünü idarə edir. Bütün qan analizləri normasındadır. Hepatit D virusu nəzarətdədir və çox aşağı titrlərdədir. Hazırda interferon müalicəsi məsləhət görülmür; yalnız qaraciyərə ümumi müalicə aparılır və pəhriz saxlanılır.