Hepatitlər

Hepatolog.az » Qaraciyər sağlamlığı barədə » Hepatitlər » Hepatit D virusu (HDV) - əlamətləri, fəsadları və müalicəsi
Hepatitlər 04-01-2021 5 dəq oxunuş

Hepatit D virusu (HDV) - əlamətləri, fəsadları və müalicəsi

Hepatit D virusu (HDV) - əlamətləri, fəsadları və müalicəsi

D hepatiti qara ciyərin virus xəstəliyidir. Bu xəstəliyin törədicisi insan orqanizmində virusun tək deyil, digər infeksiya ilə birlikdə inkişaf etməsinə səbəb olur. D hepatitinə qoşulan ikinci infeksiya adətən B hepatiti olur ki, bu da xəstəliyin gedişini daha da ağırlaşdırır.

Hepatit D orqanizmdə təkbaşına mövcud ola bilirmi?

Hepatit D orqanizmdə tək yaşaya bilmir və həyat siklini davam etdirmək üçün mütləq hepatit B virusu ilə simbioz şəkildə birgə fəaliyyət göstərir. Ciyərimizi dağıdan viruslar arasında xüsusi təhlükəsi ilə seçilən hepatit D təkbaşına yaşaya bilmir. Əgər sizdə hepatit B virusu varsa, mütləq həkiminizə məlumat verməli və qanda D virusunun yoxlanılmasını istəməlisiniz. Çünki hepatit B olan xəstələrin 30%-də hepatit D virusu da ola bilər. Bu virus orqanizmdə tək yaşaya bilmədiyi üçün mütləq hepatit B ilə birgə həyat tsiklini davam etdirir. Hepatit D olduqca ağır və təhlükəli bir infeksiyadır, lakin onun müalicəsi mövcuddur.

Hepatit D virusu necə yoluxur?

Xəstəlik insana yoluxmuş şəxsin şprisindən istifadə edildiyi zaman keçir və ən çox narkomanlar arasında yayılmışdır. Əksər hallarda D virus hepatiti B virus hepatiti ilə birlikdə baş verir və yoluxduğu andan etibarən 1-6 ay müddətində patoloji əlamətlərini inkişaf etdirir. Bəzi hallarda cinsi yolla və anadan dölə də keçə bilir. Yoluxmanın baş vermə halları və risk faktorları aşağıdakılardır:

  • Donor qanı köçürülən adamlar (1-2% hallarda D hepatit virus gəzdiricisidir). Təkrar qan köçürülməsinə məruz qalan adamlar xəstəliyə yoluxmaq üçün risk altındadırlar.
  • Başqasının şprisindən istifadə edən adamlar (həm B, həm də D virusuna yoluxmaq üçün risk altındadırlar).
  • D virusu daşıyıcısı ilə cinsi əlaqədə olmaq.
  • D hepatitinə yoluxan qadının hamilə qalması (dünyaya gələn körpənin xəstə doğulmasına səbəb olur).
  • Tatuaj etdirən və iynə terapiyası götürən adamlar.
  • 40% hallarda xəstəliyin baş vermə səbəbi məlum olmur.
Donor qanı və steril bağlamada birdəfəlik şprits

Xəstəliyin fəsadları və əlamətləri nələrdir?

D hepatiti ağır infeksiya xəstəliyi sayılır və qara ciyərin sirrozu ilə nəticələnir. Hepatit B virusu D virusu ilə birgə olduqda qaraciyərin sirrozlaşması daha da sürətlənir. Həkimlər D hepatitinin əlamətlərini xəstəliyin əlamətləri tam inkişaf etdiyi zaman aşkar edirlər. Bu zaman isə müalicə fayda vermir və xəstəlik bədxassəli xarakter daşıyır.

D hepatitinin diaqnozu necə qoyulur?

D hepatitinin diaqnozunu infeksionist həkim qoyur. Diaqnozun qoyulmasını laborator analizlər və qanın biokimyəvi göstəriciləri təsdiqləyir. Əgər sizdə hepatit B virusu varsa, mütləq müalicə həkiminizə bu barədə xəbər verməli və qanda hepatit D virusunu mütləq axtarmalısınız.

D hepatitinin müalicə üsulları hansılardır?

D hepatitinin müalicəsi xəstəxana şəraitində aparılır və hal-hazırda onun müalicəsi mövcuddur. Müalicə xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq kompleks şəkildə həyata keçirilir. Müalicə zamanı B hepatitində istifadə edilən dərmanlardan və alfa interferondan istifadə edilir. Kəskin D hepatiti müalicə olunduqda xroniki hala keçir. Virusun vaxtında aşkarlanması qaraciyərinizin demək olar ki, qorunmasına səbəb olacaq. Doğru-düzgün istiqamətdə aparılan müalicə qaraciyərinizi transplantasiyadan qorumuş olacaq.

Xəstəliyin xroniki hala keçməməsi üçün nə etmək lazımdır?

Kəskin D hepatitinin xroniki hala keçməməsi üçün aşağıdakılara əməl edilməlidir:

  • Həkimin müalicəsini aparmaq;
  • Əmək və istirahət rejiminə riayət etmək;
  • Qidalanmaya nəzarət etmək;
  • Psixi-emosional vəziyyətə nəzarət etmək;
  • Qara ciyər sirrozunun qarşısını almağa çalışmaq.
Dr. Könül Mahmudova Abbas Mirzə Şərifzadə küçəsi 55, Bakı şəh. AZ1138 (Medikus Clinic)