Qidalanma və həyat tərzinin qaraciyərə təsiri olduqca böyükdür. Qaraciyər piylənməsinə gətirib çıxaran əsas faktorların öyrənilməsi və düzgün diaqnostika aparılması xəstəliyin gedişatına birbaşa təsir göstərir.
Qaraciyər piylənməsinə səbəb olan əsas faktorlar nələrdir?
Qaraciyər piylənməsinə gətirib çıxaran əsas faktorlar müxtəlif həyat tərzi və sağlamlıq göstəriciləri ilə əlaqədardır.
- Alimentar faktor: Bura bizim qidalanmamız, yuxu və həyat rejimimiz aiddir. Həyat tərzi dedikdə isə oturaq həyat tərzi nəzərdə tutulur.
- Hormonal preparatlar: Uzunmüddətli hormonal preparatlar qəbul etmək qaraciyərə mənfi təsir göstərir.
- Alkoqol və siqaret: Uzunmüddətli alkoqoldan sui-istifadə etmək və siqaret çəkmək.
- Fast food və içkilər: Fast food yeməkləri, həmçinin rəngli və qazlı içkilərdən istifadə olunması.
- Hepatit B və C: Hepatit B və C keçirmiş pasiyentlərdə müalicədən sonrakı vəziyyətdə qaraciyərin yağlanmasını görə bilərik.
Qaraciyər piylənməsi xərçəngə gətirib çıxararmı?
Hər piylənən qaraciyər xərçəngə gətirib çıxarmasa da, müəyyən şərtlərdə bu risk mövcuddur. Qaraciyər piylənməsinin bədxassəli şişə gətirib çıxarmasında genetik amillərin böyük rolu var. Əgər insanda qaraciyər xəstəliklərinə genetik meyllilik varsa, proses aşağıdakı mərhələlərlə inkişaf edə bilər:
- İlkin növbədə qaraciyərdə fibroz yaranır
- Daha sonra proses sirroza keçir
- Son mərhələdə isə hepatosellülyar karsinoma, yəni bədxassəli şiş inkişaf edə bilər
Xəstəliyin vəziyyətini qiymətləndirmək üçün hansı müayinələr aparılır?
Xəstənin müalicə olunmasının lazım olub-olmadığını müəyyən etmək üçün ilk növbədə qan təhlilləri aparılır. Daha sonra isə mənim tətbiq etdiyim metod olan elastometriya üsuluna müraciət edirik. Əvvəllər qaraciyər toxumasının və hüceyrəsinin daxilinə nüfuz etməklə vəziyyəti biopsiya vasitəsilə təyin edirdik, lakin biopsiya çox fəsadlar verdiyi üçün insanların çoxu bu müayinəyə çətinliklə razılaşır.
Xolesterin səviyyəsi yağlı qaraciyər ilə necə əlaqəlidir?
Biz xolesterini 5.5-ə qədər normal hesab edirik, lakin bəzi hallarda bu göstərici 8-dir. Xolesterin yüksək olduqda, yəqin ki, yağlı qaraciyər də var. Belə vəziyyətdə xəstəyə kömək edə bilmək üçün mütləq fərdi şəkildə baxılmalıdır.
Ağrıkəsici preparatlar qaraciyər problemi yaradırmı?
Pasiyentlərin müraciətləri zamanı tez-tez əlavə dərman tətbiqi və lazımsız dərmanların qəbulu ilə qarşılaşırıq. İnsanlar çox vaxt istifadə qaydalarına, dərmanın nə vaxt istifadə edilib-edilməyəcəyinə fikir vermədən, yalnız ağrının kəsilməsi üçün ağrıkəsicilərə üz tuturlar. Bu cür lazımsız preparatların qəbulu müalicəyə kömək etmir, əksinə, orqanizmə zərər verə bilər və bəzi antidepressantlar da qaraciyərdə bu cür problemlərin yaranmasına yol açır.
Hepatitlər hansı növlərə bölünür?
Hepatit dedikdə ağla ilk növbədə adı məşhur olan hepatit A, B və C gəlir, lakin əslində hepatitlər virus mənşəli və qeyri-virus mənşəli olmaqla iki cür olur.