21 yanvar 2019-cu il tarixində ARB kanalının "Yaşamaq Gözəldir" verilişinin qonağı olaraq qaraciyər xəstəlikləri barədə danışdım. Bir çox insanı maraqlandıran əsas suallardan biri də budur: qaraciyər piylənməsi xərçəngə gətirib çıxararmı? Hər piylənən qaraciyər xərçəngə gətirib çıxarmasa da, müəyyən şərtlərdə bu risk mövcuddur.
Genetik meylliliyin rolu
Qaraciyər piylənməsinin bədxassəli şişə gətirib çıxarmasında genetik amillərin böyük rolu var. Əgər insanda qaraciyər xəstəliklərinə genetik meyllilik varsa, proses aşağıdakı mərhələlərlə inkişaf edə bilər:
- İlkin növbədə qaraciyərdə fibroz yaranır;
- Daha sonra proses sirroza keçir;
- Son mərhələdə isə hepatosellülyar karsinoma, yəni bədxassəli şiş inkişaf edə bilər.
Kriptogen mənşəli sirroz
Bəzən qaraciyərdə bədxassəli şiş aşkarlanan mərhələdə xolesterin və triqliserid normal səviyyədə olur. Belə hallarda xəstəliyə kriptogen mənşəli, yəni səbəbi məlum olmayan sirroz adı verilir. Səbəbi məlum olmayan bu cür sirrozların və birincili qaraciyər şişlərinin əsasında irsiyyətində qaraciyər xəstəliyinə meyllilik olan insanlar durur. Bu səbəbdən, qaraciyər piylənməsi olan şəxslərin profilaktik məqsədlə elastometriya müayinəsindən keçməsi mütləqdir.