Qaraciyərdəki dəyişiklikləri ən dəqiq şəkildə elastoqrafiya cihazı vasitəsilə aşkar edirik. Bu müasir müayinə üsulu qaraciyərdə baş verən dəyişiklikləri daha erkən mərhələlərdə müəyyən etməyə kömək edir.
Hepatit virusları və sirroz qorxusu
İnsanlarda hepatit B və C viruslarına qarşı böyük bir qorxu var. Onlar elə düşünürlər ki, bu viruslar bədəndə varsa, tezliklə sirroz xəstəliyinə tutulacaqlar. Lakin bu, belə deyil. Fibrozun dörd dərəcəsi var. Birinci dərəcəli fibrozun ikinci dərəcəyə keçməsi üçün ən aşağısı 3-5 il vaxt lazımdır. Fibrozun sirroza çevrilməsi təxminən 10 il çəkir, birinci dərəcədən dördüncü dərəcəyə (sirroza) qədər isə ən azı 12-20 il vaxt keçməlidir. Əgər xəstə ikinci və üçüncü fibroz dərəcəsində vaxtında müraciət edərsə, fibrozu əmələ gətirən faktor aşkarlanır, müalicə alır və qaraciyər regenerasiya edərək öz-özünü müalicə edir, sağlam vəziyyətinə dönür.
Qaraciyərdəki dəyişiklikləri necə aşkar edirik?
Qaraciyərdə olan dəyişiklikləri təyin etmək üçün ilk növbədə ultrasəs müayinəsinə müraciət olunur. Lakin ultrasəs müayinəsi qaraciyərdə yalnız ən kobud dəyişiklikləri təsvir edir. Bizə isə qaraciyəri daha başlanğıc, yəni dördüncü mərhələyə qədər olan mərhələlərdə diaqnoz etmək lazımdır. Bunun üçün əlimizdə olan ən müasir üsul elastoqrafiya (elastometriya) cihazıdır. Bu cihaz vasitəsilə diaqnozu qoyuruq və gələcəkdə hər altı aydan bir xəstəni müayinə etməklə, həmçinin müalicəsini verməklə qaraciyərdəki dəyişiklikləri aşkar şəkildə ortaya qoyuruq.